“Terrorçular şəhəri ələ keçirib” – Tramp

ABŞ Prezidenti Donald Tramp Sietldəki etirazçıları terrorçu adlandırıb.

Tramp bu barədə rəsmi tvitter hesabında yazıb: “Radikal sol demokratlar tərəfindən idarə olunan yerli terrorçular Sietl şəhərinə nəzarəti ələ keçirib”.

Belə ki, ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən öldürülən Corc Floyd üçün Sietl şəhərində təşkil olunan etirazlar zamanı etirazçılar şəhər şurası və bələdiyyə binalarını ələ keçirərək “Sietl müstəqil ərazisi” adlı plakatlar asıblar.

Prezident Tramp isə Vaşinqton qubernatoru Cey İnsli və şəhər meri Cenni Durkanı tənqid edərək iğtişaşlara qarşı daha qətiyyətli addımlar atmağa çağırıb.

“Dərhal şəhərinizi geri qaytarın. Əgər siz bunu etməsəniz, mən edəcəm. Bu, oyun deyil. Bu vəhşi anarxistlər dərhal dayandırılmalıdır!”

Qeyd edək ki, daha əvvəl Sietldə yerli idarəetmə etirazçıları dağıtmaq üçün polisin gözyaşardıcı qazdan istifadəsinə 30 günlük qadağa qoyduğunu açıqlamışdı.(Qafqazinfo)