Oqtay Gülalıyev yenə əməliyyat olunmalıdır

8 ay öncə avtomobil qəzasına düşən və hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan Azərbaycanın hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti əməliyyata hazırlaşdırılır.

Bu barədə AzadlıqRadiosuna O.Gülalıyevin xanmı Firuzə Gülalıyeva bildirib. O xatırladıb ki, O.Gülalıyev bundan öncə 2019-cu ilin dekabrında müalicə aldığı Amerika Xəstəxanasında əməliyyat edilmişdi: “Səbəb də bu idi ki, Oqtayda beyin kəmik sümüyü götürülüb. Beyinin bir hissəsi açıqdır. Həkimi əməliyyat edərək baş dərisinin beyinə yapışmaması üçün ora cisim qoydu. Bu, müvəqqəti xarakterli idi. İndi O.Gülalıyevi müalicə edən həkim deyir ki, həmin cisim götürülməli, onun yerinə kəmik sümüyü qoyulmalıdır”.

F.Gülalıyeva xatırladıb ki, həyat yoldaşı birinci dəfə Bakıda əməliyyat edilib, Türkiyədə Amerika Xəstəxanasında yatdıqdan sonra da daha iki dəfə də əməliyyat olunub: “Bu xəstəxanadakı ilk əməliyyatında haqqında danışdığım cisim qoyulub ki, baş dərisi beyinin açıq hissəsinə yapışmasın. Daha bir əməliyyat isə beyinə su yığılması ilə bağlı olub, beyinə yığılan suyun axması üçün şlanq qoyuldu. İndi isə bu, sayca dördüncü əməliyyat olacaq. Amma əməliyyatın nə zaman ediləcəyi hələ bəlli deyil”.

F.Gülalıyeva deyib ki, ərinin vəziyyəti stabil olaraq qalır, əllərini artıq hərəkət etdirir.

Xatırlatma
Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə “City Hospital”da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib.

Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir.

Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Amma istintaq qurumu qəzanın qəsdən törədilmədiyi qənaətini açıqlayıb. O.Gülalıyevin vurulduğu avtomobilin sürücü də qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib.

Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.