Vəkillərlə bağlı hökumətdən istək

İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights – IPHR) təşkilatı Azərbaycanda vəkillərin lisenziyalarının ləğvindən narahatlıq ifadə edən bəyanat yayıb.

Bəyanatda deyilir ki, “Azərbaycan hökuməti bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz həyata keçirə bilmələrini təmin etməlidir”.

İPHR diqqəti Azərbaycanda vəkillik fəaliyyətini tənzimləyən qanunlara ötən ilin sonlarında dəyişiklıik edilməsinə, ardınca bir neçə vəkilin fəaliyyət lisenziyalarının müvəqqəti dayandırılmasına çəkib:

“Aprel ayının 23-də Azərbaycan Vəkillər Kollegiyası iki tanınmış vəkilin – Əsabəli Mustafayevin və Nemət Kərimlinin lisenziyalarını müvəqqəti olaraq dayandırmaq barədə qərar qəbul edib. Bu qərar Azərbaycan baş prokuroru birinci müavininin şikayətindən sonra qəbul edilib”.

Sənəddə Əsabəli Mustafayevin qaçaqmalçılıqda təqsirləndirilən siyasi fəal Gözəl Bayramlının, Nemət Kərimlinin isə Gürcüstan ərazisindən qaçırıldığı iddia olunan jurnalist Əfqan Muxtarlının vəkili olmasına diqqət çəkilir.

İPHR 2018-ci ilin yanvarında Fəxrəddin Mehdiyevin, ondan öncə isə Yalçın İmanovun da vəkillik fəaliyyətinin dayandırıldığını qeyd edir. Eyni zamanda müxtəlif vaxtlarda vəkillər Elçin Namazovun, Fərhad Mehdiyevin, Aslan İsmayılovun, Muzəffər Baxışovun, Əlayif Həsənovun fəaliyyətinə də xitam verildiyi vurğulanıb.

Sənəddə 2017-ci ilin noyabr ayında Azərbaycan parlamentinin vəkillik fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik etməsinə də toxunulub. Bildirilib ki, həmin dəyişikliklər Vəkillər Kollegiyasının üzvü olmayan praktik hüquqşünasların məhkəmələrdə təmsilçiliyini məhdudlaşdırıb. Təşkilat bu dəyişikliklərin hüquq müdafiəsi işində ciddi problemlər yaratdığını ifadə edib.

Təşkilat vurğulayır ki, qeyd olunan qanunvericilik düzəlişləri beynəlxalq hüquqla təminat altına alınan ifadə azadlığı, o cümlədən hüquqşünasların rolu ilə bağlı Azərbaycanın beynəlxalq öhdəlikləri və beynəlxalq standartlarla ziddiyət təşkil edir.

“İPHR Azərbaycan hökumətini bütün hüquqşünasların maneəsiz peşə fəaliyyətlərini təmin etməyə çağırır”, sənədin sonunda vurğulanır.

Bu bəyanata, hələlik, Azərbaycan hökumətinin təmsilçilərindən və Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb

Bir müddət əvvəl bəzi vəkillərin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı Beynəlxalq Hüquqşünaslar Komissiyası (İnternational Commission of Jurists – İCJ) da oxşar bəyənat yaymışdı.

Xatırlatma

Vəkillər Kollegiyasının Rəyasət Heyəti aprelin 23-də Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib.

Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bu vəkillər baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırıldıqlarını bildiriblər.

Hər iki vəkil AzadlıqRadiosuna açıqlamalarında Vəkillər Kollegiyasının qərarının əsassız olduğunu deyiblər. Onlar vurğulayıblar ki, cinayət işlərini siyasiləşdirməkdə ittiham ediliblər.

Bundan əvvəl yanvarın 22-də vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti Rüstəm Usubovun müraciəti əsasında bir illik dayandırılıb.

Vəkil demişdi ki, buna səbəb hüquqlarını müdafiə etdiyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ona ünvanlanmış ittihamlara cavabını mətbuata verməsi göstərilib.

Ondan əvvəl – 2017-ci il noyabrın 20-də vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə müraciət edilməsinə qərar verilib.

Məhkəmə müraciəti təmin edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması haqda şikayətinə görə, açıqlaması ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinin müraciəti əsasında cəzalandırılıb. Penitensiar Xidmətin rəhbərliyi hesab edir ki, vəkil məlum açıqlaması ilə onların nüfuzuna xələl gətirib.

Vəkillər Kollegiyasından uzaqlaşdırılanlar arasında adları sadalananlarla yanaşı Xalid Bağırov, Əlayif Həsənov, Aslan İsmayılov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları da var.

Vəkillər Kollegiyasının rəhbərliyi isə siyasi işlərə çıxan vəkillərin cəzalandırılması barədə fikirlərlə razılaşmır.

Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirmişdi ki, cəzalandırılan vəkillər qanun pozuntularına yol veriblər.

Üstəlik, Kollegiya rəhbərliyi bəyan edib ki, onlar heç də vəkillərin mətbuata açıqlama verməsinə qarşı çıxmırlar.(azadliq.org)

%d bloqqer bunu bəyənir: