Azərbaycanlı İŞİD-çilərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

İŞİD terror təşkilatını dəstəkləməkdə ittiham olunan Sumqayıt şəhər sakinləri – 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə qərar elan edilib.

Qərara görə, onların şikayətləri təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Gülməmmədov 13, Əmrah İmanov isə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, təqsirləndirilən şəxslər Fuad Rüstəmov və Ağamirzə Quliyevlə cinayət əlaqəsinə girərək İŞİD-ə dəstək nümayiş etdiriblər.

2016-cı il oktyabr ayının 26-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dini ləqəbi “Ömər” olan Ağamirzə Quliyevin sərnişini olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb. Avtobusda olan Ağamirzə Quliyevə Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunub.

Avtobusdan düşən Ağamirzə Quliyev üzərindəki əl qumbarasını çıxararaq partlatmağa cəhd edib. Bu zaman o, xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.

Həmçinin, dəstənin digər üzvü Fuad Rüstəmov 27 oktyabr 2016-cı ildə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərib. Ətrafdakıların həyat və sağlamlığının qorunması üçün Fuad Rüstəmov xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.

Fuad Rüstəmovun yaşadığı evə keçirilmiş baxış zamanı Beynəlxalq Millətlər Təşkilatı tərəfindən terrorçu təşkilat kimi tanınmış İŞİD terror təşkilatının bayrağı aşkar edilib.

Keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində müəyyən edilib ki, İŞİD terror təşkilatının üzvü Şamil Fərzəliyev Fuad Rüstəmovla “WhatsApp” proqramı ilə əlaqə saxlayaraq, Azərbaycan ərazisində terror aktları törətmək niyyətində olduğunu bildirib. Şamil Fərzəliyev Fuad Rüstəmova dini radikal mövqedə olan, məhkumluq həyatı yaşamamış və dindar kimi hüquq-mühafizə orqanlarının diqqətinə düşməmiş 6 nəfərdən ibarət qrupu bir araya toplayaraq aralarında əmir seçilməsi zəruriliyini qeyd edib.

Fuad Rüstəmovun əlində avtomat silah, digərlərinin üzünün örtülü olmaqla İŞİD terror təşkilatına biət etmələri, bu prosesin videogörüntüyə alınaraq ona göndərilməsini tapşırıb.

Bundan sonra onların Azərbaycanda “İŞİD-in bir qolu” kimi qəbul olunacaqlarına dair “İŞİD rəhbərliyi” tərəfindən qərar veriləcəyini bildirib.
4 nəfərlik dəstə üzvlərindən ikisi sağ ələ keçirilib. Bunlar Sumqayıt şəhər sakinləri Aydın Gülməmmədov və Əmrah İmanovdur.(olke.az)

%d bloqqer bunu bəyənir: