AXCP-nin 6 fəalı həbs edilib

Martın 10-da müxalifətin birgə mitinqindən öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 6 fəalı inzibati qaydada 15-20 sutkalıq həbsə məhkum edilib. Bu barədə AXCP məlumat yayıb.

AXCP həbs edilənlərin bir neçəsinin mnitinqin təşkilat komitəsinə daxil olduğunu bildirir.

“Həbslər aksiyanın kütləviliyinin qarşısını almaq məqsədi daşıyırdı”, deyə məlumatda qeyd edilir.

Bununla yanaşı, AXCP sədri Əli Kərimli mitinqdə çıxışında bildirib ki, partiyasının 80 nəfəri mitinqə hazırlıq dövründə polis şöbələrinə çağırılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə mitinq ərəfəsində partiyanın 50-dən çox fəalının polis şöbələrinə çağırıldığını bildirib.

“Yalnız Müsavat Partiyasının Cəlilabad rayon şöbəsinin 11 üzvü yerli polisin təzyiqinə məruz qalıb. O cümlədən, Xaçmaz, Quba və digər rayonlardan olan üzvlərimiz təzyiq altında olub. Ancaq inzibati cəza alan olmayıb”, deyə o qeyd edib.

NİDA Vətəndaş Hərəkatının rəhbərliyindən Əbülfəz Qurbanlının sözlərinə görə, hərəkatın 20-yə yaxın üzvü polis şöbələrinə çağırılıb.

Fəalların həbsinin və polisə çağırılmalarının səbəbləri ilə bağlı rəsmi açıqlama verilmir. Bununla yanaşı, rəsmi qurumlar, bir qayda olaraq, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.(turan.az)

%d bloqqer bunu bəyənir: