1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmiş Allahverdi Bağırov

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə,Qarabag Agdam futbol klubunun yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızı var.

Erkən illəri
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həmdə onun babasının (anası tərəfdən) adıdır.
O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova da onunla qürrələnirdi. Məmmədova hər yerdə fəxrlə deyirdi ki, “mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm”. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı.

Futbol karyerası
Kiçik yaşlarından idmana, xüsusəndə futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə “Qızıl sünbül” kubokunda Ağdam – Cəbrayıl oynunda kapitan olmuşdur.
1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir:

“İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi.”
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdir. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna uzun Allahverdi Bağırov imza atıb.

Xocalı faciəsi

O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla getirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.

Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev:

“Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar.”

Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir.

2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:

“Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna – döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi…”

Şəhadəti

1992-ci ilin 14 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur. Tankist Sevil Abbasovanın sözlərinə görə onu “ancaq sənədlərindən tanıya bildik.”

Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırova “Qızıl ulduz” medalı təltif olunmuşdur.(karakhmedia.az)

 

%d bloqqer bunu bəyənir: