Jurnalist ona qarşı ittihamların saxtalaşdırıldığını deyib

Şəki Ağır Cinayətlər Məhkəməsində jurnalist Elçin İsmayıllının işi üzrə prosesdə vəkillər və jurnalist özü son sözlə çıxış edib.

Yerli fəalların verdiyi məlumata görə, jurnalist bildirib ki, heç bir cinayət törətməyib və ona qarşı ittihamlar saxtalaşdırılıb.

Vəkillər də məhkəmədən bəraətverici əsaslarla cinayət işinə xitam verməyi xahiş ediblər.

Müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də həbs edilib.

Ona qarşı CM-in 182 (hədələmə yolu ilə pul tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Avqustun əvvəllərində ona qarşı 311-ci (rüşvət alma) maddə ilə daha bir ittiham irəli sürülüb. Bu ittihamlarla onu 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İttihama əsasən, jurnalist mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovdan pul tələb edib. Abbasov Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və Xidmət əməkdaşları jurnalisti həbs ediblər. Müdafiə tərəfinin məlumatına görə, əslində pul borc olaraq verilib.

Vəkil Elçin Sadıqov Turan-ın müxbiri ilə söhbətində bildirib ki, istintaq pul tələb etmə ilə bağlı dəlil təqdim etməyib və müvafiq olaraq rüşvət almadan söhbət belə gedə bilməz.

“Vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı isə ümumiyyətlə əsassızdır, belə ki, Azərbaycan qanunvericiliyinə əsasən, jurnalist vəzifəli şəxs deyil.

Amma vəkil ədalətli hökm gözləmir. Onun sözlərinə görə, məhkəmə istintaqı ilk gündən qanun pozuntusu ilə aparılıb.

Belə ki, hazırlıq iclası vəkil Sadıqovun iştirakı olmadan keçirilib.

Bununla belə, Sadıqov bu faktı ictimaiyyətə yaydıqdan sonra hakim Rəşad Hüseynov Vəkillər Kollegiyasına şikayət edib.

Sentyabrın 15-də hakim yenidən vəkili bir sıra sənədləri məhkəməyə təqdim etmədiyinə görə kollegiyaya şikayət etməklə hədələyib. Halbuki, Sadıqov sənədlərin poçtla göndərildiyini deyib.

Sentyabrın 15-də jurnalistlər məhkəməyə buraxılmayıb, baxmayraq ki, proses açıq idi.

Hökmün elan edilməsi sentyabrın 18-nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: