Nardaran məhbusları “qaçmağa meylli məhbuslar” kimi təqdim olunur

Nardaran əməliyyatı zamanı həbs edilən və Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovla birlikdə mühakimə olunan şəxslər “qaçmağa meylli məhbuslar” kimi təqdim olunur. Söhbət 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan üç nəfər Nardaran məhbusu – Rasim Cəbrayılov, Aqil İsmayılov və Əlibala Vəliyevdən gedir. Bu haqda  onların vəkili Yalçın İmanov məlumat verib.

Vəkil deyir ki, sentyabrın 14-də hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşə gedərkən müəssisənin girişində lövhədə qaçmağa meylli şəxslərin sırasında onların da fotolarını görüb.

Vəkil Yalçın İmanov

Vəkil Yalçın İmanov

“Onu da öyrəndim ki, hər bir saatdan bir onları çağırıb, orada olmaları haqda sənədə imza atdırırlar. Bu, hər gün səhər saat 8-dən axşam 10-a qədər təkrarlanır. Bu cür davranış qanunsuzdur. Cəzaçəkmə müəssisələrində davranış qaydalarında belə təhlükəsizlik tədbiri yoxdur. Onlara qarşı bu addımın məqsədi mənə də məlum deyil”, – vəkil bildirib.

Penitensiar Xidmətdən deyilənlərə açıqlama almaq, hələlik, mümkün olmayıb.

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyat nəticəsində həbs olunmuş Rasim Cəbrayılov 17, Aqil İsmayılov və Əlibala Vəliyevin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum edilib. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, qəsdən adam öldürmə kimi ağır cinayətlərdə suçlanır. Amma Nardaran məhbusları özlərini təqsirli bilmir. Deyirlər ki, həmin vaxt Taleh Bağırzadə də daxil, onların heç birində silah olmayıb. Polislər namaz qıldıqları yerdə hücum edərək, onları atəşə tutub.

 

Azadliq.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: