Daha 4 nəfər Nardaranlı azadlığa buraxılıb

Məhkumlar 16 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkiblər

Nardaran hadisələrindən sonra həbs edilmiş və barələrində məhkəmə hökmü olan şəxslərin daha bir neçəsi azadlığa buraxılıb.

Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, Nardaran hadisələrindən sonra əməliyyatda saxlanılan 4 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Buraxılan şəxslər Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyevdir. Onlar Ədliyyə Nazirliyinin 16 və 17 saylı cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azadlığa buraxılıblar.

Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən həmin şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Bir neçə gün əvvəl isə 14 nəfər çəkilməmiş cəzadan vaxtından əvvəl azad edilib.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırzadə və bir neçə nəfər saxlanılıb. Onlar dövlət çevrilişinə cəhd, silah saxlama və digər cinayətlərdə ittiham ediliblər. Lakin təqsirləndirilən şəxslər ittihamı saxta adlandırırlar. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. Həbsinin də bununla bağlı olduğunu deyir. O, məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

meydan.tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: