Azərbaycan FİFA reytinqində geriləyib

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Avqustla müqayisədə siyahıda bir sıra dəyişikliklər diqqət çəkir.

Bu dəyişikliklərə DÇ-2018-in seçmə mərhələsinin və baş tutan yoxlama oyunları təsir edib.

Seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinonu 5:1 hesabı ilə yenən Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.

Uğursuz çıxış xal hesabımızı 427-dən 388-ə qədər azaldıb. Buna görə də komandamız mövqeyini də əldən verib. Ötən ay 79-cu olan yığmamız yeni siyahıda 92-ci yerdədi.

13 pillə geriləyən Azərbaycan millisi Syerra-Leoneni keçsə də, Fələstin, Keniya, İraq, Benin, Estoniya, Finlandiya, Kuraçao, Liviya, Qabon, Zambiya, Suriya, Norveç, Kipr və Kabo-Verdedən geri qalıb.

Millimiz və “qonşular”ı
88 (91). Benin – 400
88 (102). İraq – 400
88 (82). Keniya – 400
91 (93). Fələstin – 389
92 (79). Azərbaycan – 388
93 (89). Farer adaları – 384
94 (92). Qvineya-Bissau – 381
95 (81). Konqo – 378
96 (95). Kanada – 368

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Yığmamızın qrupda keçirəcəyi son matçdakı rəqibi Almaniya Braziliyanı arxada qoyaraq, FİFA reytinqinin liderinə çevrilib. “Sambaçılar” 2-ci yerə enibsə, Portuqaliya “üçlüy”ə daxil olub.

İlk “onluq”
1 (2). Almaniya – 1606
2 (1). Braziliya – 1590
3 (6). Portuqaliya – 1386
4 (3). Argentina – 1325
5 (9). Belçika – 1265
6 (5). Polşa – 1250
7 (4). İsveçrə – 1210
8 (10). Fransa – 1208
9 (7). Çili – 1195
10 (8). Kolumbiya – 1191

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marinonun mövqeyi dəyişməz qalıb. Almaniya 1, Şimali İrlandiya 3, Norveç 12 pillə irəliləyib. Çexiya isə 18 addım geri düşüb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
1 (2). Almaniya – 1606
20 (23). Şimali İrlandiya – 945
58 (40). Çexiya – 630
73 (85). Norveç – 472
204 (204). San-Marino – 10

Qonşu Türkiyə yığması 33-cü yerdən 27-ciyə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 842 xal var.

Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 16-da açıqlanacaq.

 

 

Apasport

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: